“Azəriqaz” İstehsalat Birliyi “Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər” peşəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsinə start verib.
SOCAR-da işləmək istəyənlərin nəzərinə
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən bildirilib ki, ölkədə qazlaşdırma proseslərinin sürətləndirilməsi nəticəsində “Azəriqaz” İB-nin bölgələrdəki strukturlarında əlavə işçi qüvvəsinə tələbat yaranması ilə əlaqədar olaraq SOCAR ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında imzalanmış Əməkdaşlıq Memorandumu çərçivəsində birliyin 8 region üzrə 46 rayonu əhatə edən qaz istismar idarələri üçün “Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər” peşəsi üzrə işə qəbul müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb.

SOCAR tərəfindən hazırlanmış proqrama əsasən 1111 nəfər “Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər”lərin hazırlanma kurslarına cəlb olunub. Artıq nəzəri-praktiki təlimləri müvəffəqiyyətlə başa vurmuş 942 nəfər üçün Azərbaycanın 7 regionunda təşkil olunan müsahibələrə start verilib və SOCAR-ın mütəxəssislərindən təşkil edilən müsahibə qrupları həmin regionlara ezam olunublar.

Oktyabrın 31-dək davam edəcək müsahibələrdə müdavimlərə qaz təsərrüfatı haqqında ümumi məlumat, qazların xüsusiyyəti, növləri və təbii qazın fiziki-kimyəvi xassələri, yeraltı, yerüstü qaz kəmərləri və onların istismarı, bina daxili qaz kəmərləri və qaz avadanlıqlarının istismarı, qaz tənzimləyici məntəqələr, qaz tənzimləyici qurğular və onların istismarı, nəzarət-ölçü cihazları və onların istismarı, qaz təchizatı sisteminin dispetçer xidmətləri, peşə etikası, qaz təsərrüfatında istifadə olunan əl terminalları, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları üzrə tədris olunmuş mövzular ilə yanaşı SOCAR-ın korporativ iş mühitinə uyğun şəxsi, işgüzar davranış keyfiyyətlərinin yoxlanılması məqsədi ilə də sualların verilməsi nəzərdə tutulub. Müsahibə mərhələsində bir neçə namizəd eyni balı toplayarsa, əvvəlcə onların sahə üzrə topladıqları bal, o da eyni olarsa test imtahanında topladıqları bal əsas götürüləcək. Hazırda regionlarda təşkil olunmuş müsahibələr uğurla davam etdirilir.

Müsahibədən müvəffəqiyyətlə keçən namizədlər reytinq siyahısına əsasən vakant olan 403 yerə işə qəbul olunacaq. Digərlərinin isə Kadr Ehtiyatı Bazasına daxil edilərək “Azəriqaz” İB-də növbəti bir il ərzində yaranacaq kadr tələbatına uyğun olaraq işlə təmin edilməsi nəzərdə tutulur. Namizədlər müsabiqənin nəticələri barədə məlumatları SOCAR-ın İnsan Resursları Departamenti tərəfindən göndərilmiş xüsusi bildirişlər və ya vakansiyaya müraciət edən zaman onlara təqdim olunmuş FİN (fərdi identifikasiya nömrəsi) və şifrəni daxil etməklə www.socar.az internet səhifəsinin “Karyera” bölməsinin “İşə qəbul” bölümünün “Müsabiqə nəticələri” paneli vasitəsilə ala biləcəklər. Müsahibə prosesi şəffaf, obyektiv və ədalətli keçirilir. Müsahibələrin nəticəsi barədə əlavə məlumat veriləcək.

Xatırladaq ki, “Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər” peşəsi üzrə işə qəbul müsabiqəsində 4 min 628 nəfərin müraciəti qeydə alınıb, onlardan 3 min 266 nəfəri test imtahanına dəvət olunub, 2 min 581 nəfəri test imtahanında iştirak edib.


Elan
Yalnız bizdə
Reklam